Qəzet mədəniyyəti

Aprel 12, 2010 tarixində, saat 8:31 səhər | Kateqoriya:MUƏLLİF YAZILARI | Bir şərh yazın

Pərviz Əzimov

pervizezimov@gmail.com

2009-cu ilin isti yay günlərindən biri idi. Lənkərandan, artıq adət halını almış məhkəmə iclaslarının birindən çıxıb Masallıya – evə qayıdırdım. Mikroavtobusa əyləşməzdən öncə dayanacağın yaxınlığında yerləşən köşkdən “Azadlıq” qəzeti aldım və əyləşdim mikroavtobusa. Qəzeti açarkan ilk qarşıma çıxan yazı Qan Turalın oxuculara müraciət formasında yazdığı yazı idi. Yazar oxuculara qəzet oxumağın, ümumiyyətlə, qəzetin cəmiyyətə verə biləcəyi xeyirdən yazmışdı. Qısası, Tural bəy hamıya məsləhət görürdü ki, qəzet oxusunlar. Bu yazını oxuyub digər səhifəyə keçmək istərkən böyrümdə oturan cavan oğlan mənə dedi: – Qaqaş qəzeti olar? Düzü, ilk öncə çox sevindim. Fikirləşdim ki, yəqin mən Qan Turalın yazısını oxuyanda o da qıraqdan baxıb oxuyub və yazı yəqin öz təsirini göstərib. Sevindiyimdən cavab verdim: – Buyurun, buyurun! Oxumaq istəyirsiz? – Yox çox istidir. Əgər oxumursansa, ver bir az özümə yel vurum. Tüstü təpəmdən çıxdı. Əsəbi şəkildə cavab verdim ki, olmaz, mən bunu oxumaq üçün almışam, yel vurmaq üçün yox.

Bu hadisənin üstündən uzun müddət ötmüşdü. Bu dəfə Bakıdan rayona qayıdarkən avtovağzaldakı köşkdən qəzet alıb oturdum avtobusa. Qəzetin səhifələrini açıb oxumağa başladım. Arxa oturacaqda oturan orta yaşlı bir xanım mənə xitabən dedi: – Oğul, əlindəki qəzeti verə bilərsən mənə? Əvvəlki hadisə yadımda qaldığı üçün dərhal məqsədini soruşdum. Xanım isə cavabında görün nə dedi: “Bala tum çırtlayıram. Yerə tökəndə şofer gəlib abrımızı tökür ətəyimizə. Qəzeti versəydin qucağımda sərib tumun qabığını üzərinə tökərdim”. Bu dəfə artıq əsəblərimə hakim ola bilmədim. Xanıma bir iki kəlmə “tərif” deyəndən sonra, avtobusdan düşüb, beş manat əlavə xərcim çıxmasına baxmayaraq, taksiyə oturub gəldim rayona. Hələ o vaxt bunları qələmə almaq istəmişdim, ancaq nədənsə, bunu etməmişdim. Heç indi də bunu yazmazdım, əgər yazacağım növbəti hadisə olmasaydı.

Mart ayının əvvəlində Xəzər Lənkəran – Qəbələ oyununa baxmaq üçün stadiona gedirdim. Stadionun qapısının ağzında 12-13 yaşlarında bir uşağın əlində ölkənin gündəlik qəzetlərini satdığını gördüm. O gün dərsdən birbaşa bura gəldiyimçün qəzet ala bilməmişdim. İstədim yaxınlaşıb qəzet alım. Yaxınlaşanda gördüm uşaq müştəri yığmaq üçün qışqırır: “Qəzet var-a qəzet. Alta qoymağa qəzet var. Səhifəsi 10 qəpiyə. Gəl görüm az-a qaldı… Alta qoymağa qəzet var…” Bu sözləri eşidəndən sonra daha uşaqdan heç bir söz soruşmayıb, stadiona daxil oldum. Çox düşündüm… Buna nə ad vermək olar?! Cəmiyyətin iflasa uğramasımı, insanların uçuruma doğru getməsimi? Əslində anlayıram, bu işdə ayda 3 dəfə Hacıbala Abutalıbovun işindən azad olunması, hansısa nazirin “vurulması” barədə manşetlərdə yalan xəbər yazan qəzetlərin də payı az deyil, ancaq hər halda insanların qəzetlə bu cür davranması düzgün deyil. İnsanlar anlamırmı ki, o altlarına qoyduqları, üzərinə tum çırtladıqları qəzetlər olmasa, bizim qoyun sürüsündən heç bir fərqimiz olmaz? Bu yazımın min bir əziyyətlə qəzet buraxan insanlara mənfi təsir edəcəyini bilirəm, ancaq bunlar həqiqətdir. Demə, qəzet səhifələrindən insanlar informasiya almaqdan daha çox, başqa məqsədlər üçün istifadə edirlər. Yuxarıda sadaladıqlarımdan əlavə qəzeti cırıq qaloşların altında sərmək, pendirə, şora bükmək üçün də istifadə edirlər. Biz bütün bunların qarşısını almaq üçün nə isə etməliyik.

Ancaq nə?..

Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: