SEÇİCİLƏRİ ABEL MƏHƏRRƏMOVU TANIMIR

İyul 18, 2010 tarixində, saat 10:30 axşam | Kateqoriya:REPORTAJ | Bir şərh yazın
SEÇİCİLƏRİ ABEL MƏHƏRRƏMOVU TANIMIR 

“O yazıya yaz ki, qadınlar deyir bu deputat heç kimə kömək eləmir. Heç tanımıram kimdi. Gərək gəlsin, axtarsın ki, adam tanısın.”

“Milli yol” qəzeti olaraq yeni bir rubrikaya start veririk. Rubrikanın adı “VƏTƏNDAŞ VƏ DEPUTAT”dır. Bu rubrika çərçivəsində Azərbaycandakı seçki dairələrinə gedib, seçicilərin problemlərini, ümumiyyətlə öz millət vəkillərini tanıyıb-tanımadıqlarını öyrənmək, seçiciləri narahat edən problemləri işıqlandırmaq və mümkün olarsa bu problemlərə həmin deputatın münasibətini öyrənəcəyik.
Rubrika çərçivəsində seçdiyimiz ilk dairə 16 saylı Yasamal 2-ci seçki dairəsi oldu. Bu dairənin millət vəkili Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovdur. Mərkəzi Seçki Komisiyyasının məlumatına görə, dairədən olan seçicilərin sayı 42996 nəfərdir. 2005-ci il parlament seçkilərində Abel Məhərrəmov seçicilərin 37.66% (7168 səs) səsini toplayıb. Namizədlər arasında ikinci və 3-cü yerləri isə müvafiq olaraq Nazim İmanov və Akif Nağı tutub. Nazim İmanov Seçicilərin 18.41%-nin, Akif Nağı isə 16.06%-nin səsini toplaya bilib.
Qeyd edək ki, 16 saylı yasamal 2-ci seçki dairəsinin yerləşdiyi ərazi Elmlər Akademiyası metrosunun ətrafı, Hüseyn Cavid prospekti, Bakı Dövlət Universitetinin yerləşdiyi ərazinin ətrafi və bura münasib digər ərazilərdir.
Beləliklə, ilk öncə adlarını çəkdiyimiz ərazilərə yollandıq. Sakinlərin əksəriyyəti deyir ki, deputatlarının kim olduğunu bilmirlər.
Adil İsmayılov adlı seçici deyir ki, deputatlarının adını bilmir, amma onu bilir ki, universitetdə rektor işləyir: “Seçkilərdən sonra bir dəfə bura gəlsəydi, adı yadımda qalardı. Heç bir problemimizlə maraqlanmayıb. Yalnız seçkilər dövründə gəlmişdi bura. Ondan sonra bir dəfə də olsun gəlməyib. Neçə vaxtdır burada yaşayan sakinlərin su problemləri var. Heç bir dəfə gəlib soruşmur ki, ay mənə səs verən seçici, ölmüsən, ya yox. Mən indiyə qədər eşitməmişəm ki, o, gəlib Yasamalda kiminsə problemi ilə maraqlansın. Daha niyə seçilib. Keçən seçkilərdə ona səs vermişdim, amma bu il verməyəcəm.”
SEÇİCİ KAFEDEN PAY VERİLƏN ÇÖRƏKLƏ DOLANIR
Cəfərova Adilə adı qocaman seçici də millət vəkilini tanımır: “O yazıya yaz ki, qadınlar deyir bu deputat heç kimə kömək eləmir. Heç tanımıram kimdi. Gərək gəlsin, axtarsın ki, adam tanısın. Əvvəllər “aqronom” işləmişəm. İndi iş yoxdu. Cəmi 75 manat təqaüd alıram. Onunla dolanmaq olar?! Arada çıxıram Hüseyn Cavid bağına ki, tum satıb, bir tikə çörək pulu qazanım. Ona da polislər imkan vermir. Maddi durumuz pis gündədi, demək olar ki, ac qalıram. Mən istərdim ki, dəyişsin bu deputat, axı, indiyə qədər gəlib axtarmayıb. Xahiş edirəm, mənim ev nömrəmi da yazın ora. Bunu oxuyarsa zəng eləsin. Problem içində boğuluram. 012 510 35 12 bu mənim nömrəmdi. Əgər həqiqətən yaxşı insandırsa, zəng edib maraqlansın.”
Adilə xala danışarkən başqa bir qadın içində kəsilmiş çörəklər olan paketi gətirib ona verir. Məlum olur ki, bu çörəklər yaxınlıqda fəaliyyət göstərən yeməkxanadan göndərilib ki, Adilə xala ac qalmasın. Adilə xala bizdən xahiş edir ki, onun dediklərini deputata çatdıraq: “İstəyirsiniz yazılı şəkildə ərizə yazım. Baxan yoxdur. Axı, məndə bu ölkənin vətəndaşıyam. Neçə dəfə prezident aparatına getmişəm. Çıxıblar, qəbul ediblər, amma kömək edən yoxdur. Hara şikayət edirəm baxan yoxdur. Ev şəraitim pis gündədir.”
Yaqub Bağırov adlı seçici də deyir ki, o, deputatlarını tanımır və heç bu il də heç kimə səs verməyəcək: “Heç kimə kömək etməyib. Belə olan halda niyə tanımalıyam ki, bizim deputat kimdir?! Tanımıram vallah. 558-ci məhəllədə neçə vaxtdır su, kanalizasiya problemi var. Suyun axmağına şərait yoxdur. Yaxınlıqda hündür mərtəbəli binalar tikilməyə başlayandan sonra evlərimizə su gəlmir. Küçələrimiz bərbad gündədir, işıqlar sönür. Adam bilmir belə şəraitdə necə yaşasın. Deputat gəlib bütün bunlarla maraqlanmalıdır. Ancaq seçkilər vaxtı gəlmişdi.”
Yaqub Bağırovdan soruşuruq ki, onun öz millət vəkilinə demək istədiyi bir söz varmı? Yaqub bəyin isə cavabı belə olur: “Nə deyim, özü gəlib baxsın də. Hər şey göz qabağındadır. Bir dəfə bura gəlsə, görər ki, kanalizasiya işləmir, su gəlmir və s. Əgər gəlib nəyi isə görməsə, o zaman biz öz sözümüzü deyərik.”
Həmin dairənin yerləşdiyi ərazidə yaşayan, digər bir seçici Sahib Məmmədov isə öz millət vəkilini tanıdı: “Bizim deputatımız Abel Məhərrəmovdur. Ancaq çoxdandır gəlib axtarmır bizi. Seçkilər dövründən sonra səhv etmirəmsə heç gəlməyib. Bütün deputatlar belə olur də. Əvvəl gəlib özünü göstərir, sonra daha gəlmirlər. Ancaq düzünü deyim ki, mən onun heç bir vədinə baxmadan ona səs vermişdim. Hər halda yaxşı olacağını düşünürdüm…”
Rasim Quliyev isə nə deputatlarını tanıdığını, nə də onu saydığını deyir: “Mən onu nə tanıyıram, nə də sayıram. Bu adam seçiləndən sonra bir dəfə də gəlib bizim problemlərlə maraqlanmayıb.”
Rasim kişi deyir ki, bu məhəllədə evlər sökülüb, sakinlər mitinq keçirdib, lakin deputatımız hec bura gəlməyib: “Bax uzaqda gördüyünüz hündür mərtəbəli binalar tikiləndə (əli ilə aralıdakı tikililəri göstərir) sakinlərin evlərini sökdülər. Həmin vaxt burada yaşayan əhali mitinq keçirdi. Bizim dairənin deputatı isə heç o vaxtı da gəlib bizi axtarmadı.”
Seçici deyir ki, o vaxt bəzi dostları ondan xahiş eləmişdi və o da səs vermişdi. Bu il isə ümumiyyətlə səs verməyəcək: “Ümumiyyətlə, mənim fikrimcə nə bələdiyyə lazımdır, nə də deputat. Hamı özü üçün işləyir. Guya ki, bizə bir xeyr var?!”
Keçən il həmin dairədən namizədliyini irəli sürən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyir ki, Abel Məhərrəmovun deputat fəaliyyəti onu da qətiyyən qane etmir: “Mən onun aktiv deputat fəaliyyətinin şahidi olmamışam. Düşünürəm ki, o, səhvən oradan deputat seçilib. İndiyə qədər görməmişəm ki, bu şəxs hansısa qanun layihəsi ilə çıxış etsin, hansısa layihəyə münasibət bildirsin. Məncə, bunun əsas səbəblərindən biri də onun iki vəzifəyə sahib olmasıdır. Mən bu il həmin dairədən namizədliyimi verməyəcəyəm, ancaq istərdim ki, seçicilər həmin dairədən deputatlarını seçərkən ehtiyatlı olsunlar.”
Akif Nağı həmçinin dedi ki, bu parlament seçkilərində o, öz namizədliyini 8 saylı Binəqədi dairəsindən irəli sürəcək.
Söylənilən ittihamlara aydınlıq gətirmək üçün həmin dairənin millət vəkili olan Abel Məhərrəmovla əlaqə saxlamaq istədik. Abel müəllimin şəxsi mobil telefonuna 3 gün ard-arda zəng etsək də telefona zəng çatmadı.
Cənab millət vəkilinin də fikirlərinə yer ayıra və seçicilərinin ona qarşı səsləndirdiyi ittihamları cavablandırmasını təmin edə bilərik.
Pərviz ƏZİMOV
Advertisements

Şərh yaz »

RSS feed for comments on this post. TrackBack URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.
Entriesşərhlər feeds.

%d bloqqer bunu bəyənir: